Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən Asaka Quru Özünümüdafiə Qüvvələrinin bazasında yanğın baş verib.
Hadisə barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb. İlkin məlumata görə, alovlanma hərbi obyektin ərazisində yerləşən məişət tullantılarının toplandığı sahədə qeydə alınıb.
Yanğının qarşısının alınması üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib. Hazırda xüsusi xidmət əməkdaşları alovun yayılmasının qarşısını almaq və yanğını nəzarət altına almaq istiqamətində iş aparırlar.
Hadisə nəticəsində xəsarət alan şəxslər barədə məlumat yoxdur.
Qeyd olunur ki, yanğının bazadakı inzibati və yaşayış binalarına çatmaması üçün vəziyyət daim izlənilir. Ətraf ərazilərdə yaşayan sakinlərə təhlükəsizlik məqsədilə yanğın tam söndürülənədək hadisə zonasına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.