Rusiyalı bəstəkar İqor Krutoya məxsus olduğu bildirilən Mayamidəki lüks mənzilə ABŞ məhkəməsinin qərarı ilə həbs qoyulub.
XeberHub.com xəbər verir ki, "Mash" "Telegram" kanalının yaydığı məlumata görə, söhbət bəstəkarın vaxtilə 7,5 milyon dollara aldığı və hazırda təxminən 14 milyon dollar dəyərində qiymətləndirilən mənzildən gedir.
Məlumata əsasən, 450 kvadratmetrlik yaşayış sahəsi Mayaminin ən elit bölgələrindən birində yerləşir. Əraziyə giriş əsasən helikopter və ya bərə ilə mümkündür. Bildirilir ki, mənzilin illik saxlanma xərcləri təxminən 140 min dollar təşkil edir.
İddialara görə, mübahisə milyarder Oleq Burlakovun bu əmlakı almaq istəməsindən sonra yaranıb. Burlakovun vəfatından sonra alqı-satqı prosesi başa çatmayıb. İş adamının bacısı və qızları ödənişin həyata keçirildiyini, lakin mülkiyyət hüququnun onlara verilmədiyini bildirərək Krutoy ailəsini dələduzluqda ittiham ediblər.
Məlumata görə, ötən ilin payızında ABŞ məhkəməsi mənzilin üzərinə həbs qoyub. Hazırda əmlakı satmaq, hədiyyə etmək və ya başqa şəxsin adına keçirmək mümkün deyil. Mənzilin yalnız kirayəyə verilməsinə icazə verilir.
Bildirilib ki, Böyük Britaniya, Monako və Latviyada Oleq Burlakovun mirası ilə bağlı hüquqi proseslər davam etdiyi üçün iş üzrə araşdırmalar hələlik dayandırılıb.