Xəbər
Xeberhub.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, Şri-Lanka hökuməti son 10 ilin ən ciddi denge qızdırması epidemiyası ilə mübarizə məqsədilə Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.
Məlumata görə, PUA-lar yağışlardan sonra damlarda və digər ərazilərdə yaranan durğun su mənbələrini aşkar etmək, yoluxma riski olan ərazilərə nəzarət etmək və xəstələrin vəziyyətini izləmək üçün tətbiq edilir.
Epidemiyanın qarşısının alınması məqsədilə hərbçilər və polis əməkdaşları da prosesə cəlb olunub. Onlar ağcaqanadların çoxalma yerlərinin müəyyənləşdirilməsi və məhv edilməsi üçün yaşayış evlərində, tikinti sahələrində və məktəblərdə yoxlamalar aparırlar.
Denge qızdırması "Aedes" cinsinə aid yoluxmuş ağcaqanadların dişləməsi ilə yayılan virus xəstəliyidir. Xəstəlik əksər hallarda yüngül keçsə də, bəzi hallarda ağırlaşaraq güclü qarın ağrıları, qanaxmalar və qan dövranı pozuntularına səbəb ola bilər.
Şri-Lanka səhiyyə qurumlarının məlumatına əsasən, ilin əvvəlindən ölkədə 76 min yoluxma və 53 ölüm faktı qeydə alınıb. Mütəxəssislər xəstələrin sayının sürətlə artmasının səhiyyə sistemi üçün ciddi yük yaratdığını bildirirlər.
Ölkə xəstəxanalarında artan müraciətlər səbəbindən əlavə çarpayılar quraşdırılır, palatalar yenidən təşkil edilir. İyul ayının ilk iki həftəsində 18 mindən çox şəxsin tibb müəssisələrinə müraciət etdiyi və bu səbəbdən həkim və tibb bacılarının iş qrafiklərinin artırıldığı qeyd olunub.
Mütəxəssislər hesab edirlər ki, virusun yayılmasının güclənməsinə ötən ilin sonunda baş verən və ölkənin əsas infrastrukturuna, eləcə də səhiyyə obyektlərinə zərər vuran Ditva siklonundan sonra yaranan vəziyyət də təsir edib. Həmin təbii fəlakətin Şri-Lankaya ümumilikdə 1,4 milyard dollar ziyan vurduğu bildirilir.