Xeberhub.com "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən güclü daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib, 100-dən çox insan isə itkin düşüb.
Ölkənin Fövqəladə Hallar üzrə Milli İdarəsinin məlumatına görə, təbii fəlakətdən ən çox Nuristan vilayəti zərər görüb. Ərazidən keçən Parun çayının daşması nəticəsində yaşayış məntəqələrində ciddi dağıntılar yaranıb.
Məlumata əsasən, daşqınlar zamanı 80-dən çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda xilasedicilər tərəfindən həlak olan şəxslərin cəsədlərinin ərazidən çıxarılması və axtarış işləri davam etdirilir.
Bildirilib ki, Nuristan vilayətinin inzibati mərkəzi olan Parun şəhərində bələdiyyə rəhbəri də daxil olmaqla 105 nəfər itkin hesab olunur.
Fəlakətin daha ağır nəticələrə səbəb olmasının əsas səbəblərindən biri kimi çay sahilində çoxsaylı ticarət obyektləri və bazarların yerləşməsi göstərilir. Bu ərazilərdə çox sayda insanın olduğu bildirilir.
Daşqın sularının çəkilməsindən sonra şəhərdə iri qaya parçaları və dağıntılar qalıb. Yerli sakinlər itkin düşən şəxslərin axtarışlarını xüsusi texnika olmadan aparmağa çalışırlar.