Xeberhub.com TASS-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ekstremal isti hava şəraitində ən yüksək risk altında olan əhali qruplarını açıqlayıb.
Onun sözlərinə görə, yüksək temperaturun yaratdığı ölüm hallarının böyük hissəsi tək yaşayan yaşlı insanlar arasında qeydə alınır.
"Ən həssas qrup tək yaşayan yaşlı insanlardır. İstidən baş verən ölüm hallarının əksəriyyəti məhz onların arasında qeydə alınır. Bu ölümlər çox vaxt ev şəraitində baş verir və bəzən cəsədlər yalnız saatlar, hətta günlər sonra aşkar edilir", – deyə Hans Kluge bildirib.
ÜST rəsmisi qeyd edib ki, qadınlar arasında isti hava ilə əlaqəli ölüm göstəricisi kişilərlə müqayisədə təxminən iki dəfə yüksəkdir. O, bunu qadınların orta ömür uzunluğunun daha çox olması və yaşlı əhali arasında üstünlük təşkil etməsi ilə əlaqələndirib.
Hans Kluge əlavə edib ki, hamilə qadınlar da isti hava dalğalarından ciddi şəkildə təsirlənən qruplardandır. Onun sözlərinə görə, yüksək temperatur erkən doğuş, az çəkili körpənin dünyaya gəlməsi və ölü doğum riskini artıra bilər.
Ekspert həmçinin açıq havada çalışan şəxslərin də təhlükə altında olduğunu vurğulayıb. Xüsusilə tikinti, kənd təsərrüfatı və logistika sektorlarında çalışan insanların birbaşa günəş şüaları altında fəaliyyət göstərdiyini, əksər hallarda kölgəyə çəkilmək və ya kifayət qədər su qəbul etmək imkanlarının məhdud olduğunu bildirib.
Şərhlər (0)
Şərh yazın