Xeberhub.com xəbər verir ki, ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotunun qalibinin kimliyi məlum olub. Bu barədə Arkansas Democrat-Gazette qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 1,82 milyard dollarlıq cekpotun sahibi Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. Məlumatı qalibin digər qardaşı Treysi Hartvik də təsdiqləyib.
Bildirilir ki, qalib uduşlu bileti 2025-ci il dekabrın 24-də Arkanzas ştatının Kabot şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birindən 30 dollara alıb. O, 10 fərqli rəqəm kombinasiyası üzrə mərc etsə də, qalibiyyət ilk seçimdə qazanılıb.
Lotereya qalibi mükafatını 2026-cı il yanvarın 5-də götürərək adının ictimaiyyətə açıqlanmamasını istəyib. O, illərlə hissə-hissə ödəniş əvəzinə 834,9 milyon dollarlıq birdəfəlik ödəniş variantını seçib.
Vergilər tutulduqdan sonra qalibin əlində təxminən 565 milyon dollar qalıb. Təxminən 219 milyon dollar isə ABŞ Vergi Xidməti və Arkanzas Maliyyə Departamentinə ödənilib.
Məlumata görə, uduş məbləğinin 18,1 milyon dolları qalibin qardaşı Timoti Hartvikə, qalan hissəsi isə üçüncü şəxsə verilib.
Qəzet qeyd edir ki, Arkanzas qanunvericiliyinə əsasən, seçkili vəzifə tutan şəxsin yaxın qohumu lotereya qalibi olduqda onun adının məxfi saxlanılması müddəti altı ayla məhdudlaşır.
Qeyd edək ki, 77 yaşlı Terri Hartvik son aylarda adı müxtəlif qalmaqallarda hallanıb. O, Milad tədbirindən sonra iki yeniyetməyə qarşı yolverilməz davranışda ittiham edilsə də, hüquq-mühafizə orqanları kifayət qədər sübut olmadığını əsas gətirərək cinayət işi açmayıblar.