Xeberhub.com xəbər verir ki, son illərdə dinozavr skeletləri milyarderlər və iri kolleksiyaçılar arasında ən çox maraq göstərilən lüks investisiya aktivlərindən birinə çevrilib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, varlı kolleksiyaçılar artıq Faberje yumurtaları, bahalı incəsənət nümunələri və idman klubları ilə yanaşı, nadir dinozavr qalıqlarına da milyonlarla dollar xərcləyirlər.
Mütəxəssislərin fikrincə, dinozavr skeletləri həm nadirliyi, həm də nümayiş etdirdiyi vizual effekt sayəsində kolleksiya bazarında xüsusi yer tutur. Ənənəvi incəsənət əsərləri bəzi investorlar üçün mürəkkəb seçim hesab olunsa da, yaxşı qorunmuş tirannozavr skeleti yüksək statusun simvolu kimi qiymətləndirilir.
2009-cu ildə "Samson" adlı tirannozavr skeletini 600 min dollara satın alan amerikalı milyarder Den O'Daud bu eksponatı "sahib ola biləcəyiniz ən möhtəşəm trofey" adlandırıb.
Bloomberg qeyd edir ki, dinozavr qalıqlarının bazar dəyəri onların mənşəyi, qorunma vəziyyəti, orijinallığı və kolleksiyaçılar arasında tələbat səviyyəsindən asılı olaraq müəyyən edilir.
Son illərdə bu bazarda qiymətlər rekord həddə yüksəlib. Belə ki, iyulun 14-də Nyu-Yorkda keçirilən hərracda "Qas" ləqəbli tirannozavr skeleti 50,13 milyon dollara satılaraq yeni rekord müəyyənləşdirib.
Bundan əvvəlki rekord isə 2022-ci ildə "Sotheby's" hərracında maliyyəçi Ken Qriffin tərəfindən 44,6 milyon dollara alınan "Apaks" adlı steqozavr skeletinə məxsus idi.