Xeberhub.com xəbər verir ki, Ukrayna ötən gecə Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən “Qazpromneftexim Salavat” neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Rusiya mediasının yaydığı məlumata görə, hədəf alınan müəssisə Ukrayna-Rusiya sərhədindən təxminən 1400 kilometr uzaqlıqda yerləşir.
Bildirilir ki, “Qazpromneftexim Salavat” regionun ən böyük neft emalı komplekslərindən biri hesab olunur və burada benzin, dizel yanacağı, bitum, polietilen və digər məhsullar istehsal edilir.
Məlumata əsasən, Salavatdakı zavodla yanaşı, PUA-lar Luqansk və Donetsk vilayətlərində yerləşən obyektlərə də zərbələr endirib. Həmçinin Rusiyanın cənubunda yerləşən “Afipski” neft emalı zavodunun yenidən hücuma məruz qaldığı və nəticədə müəssisədə yanğın baş verdiyi bildirilib.
Qeyd olunub ki, “Afipski” zavodu Rusiyanın cənubundakı ən iri neft emalı müəssisələrindən biridir və illik emal gücü 6,25 milyon ton neft təşkil edir.