Xeberhub.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva vilayətində yerləşən strateji obyektə planlaşdırıldığı bildirilən FPV-dron hücumunun qarşısının alındığını açıqlayıb.
Qurumun yaydığı məlumata görə, hücum planının Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən hazırlandığı iddia olunur. Bildirilir ki, hədəf yaşayış massivində yerləşən strateji müəssisə olub.
FSB-nin məlumatına əsasən, hücum üçün nəzərdə tutulan pilotsuz uçuş aparatları Slovakiyanın paytaxtı Bratislavadan qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirilib. Qurum həmçinin əməliyyatın Ukrayna tərəfindən Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin dəstəyi ilə təşkil edildiyini iddia edib.
Açıqlamada qeyd olunub ki, radioelektron mübarizə sistemlərinə davamlı Kanada istehsalı idarəetmə avadanlığı ilə təchiz edilmiş 35 FPV-dronun icarəyə götürülmüş anqardan uzaqdan havaya qaldırılması planlaşdırılıb. FSB dronlar buraxıldıqdan sonra onların hamısının məhv edildiyini bildirib.