Mərkəzi Asiyanın dörd ölkəsində genişmiqyaslı elektrik kəsintisi baş verdi
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın bir sıra ərazilərində kütləvi elektrik enerjisi kəsintiləri qeydə alınıb.
Xeberhub.com xəbər verir ki, bu barədə Qırğızıstanın “Kaktus”, Tacikistanın “Asia Plus”, Qazaxıstanın “Tengrinews” və Özbəkistanın “Gazeta” nəşrləri məlumat yayıb.
Məlumata görə, Qazaxıstanın Almatı şəhərinin böyük hissəsi elektriksiz qalıb. Ölkənin cənub vilayətlərində də elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Özbəkistanın paytaxtı Daşkənddə isə elektrik enerjisinin kəsilməsi səbəbindən metro fəaliyyətini dayandırıb. Qırğızıstan və Tacikistanda da genişmiqyaslı elektrik kəsintiləri müşahidə olunub.
Qazaxıstan Energetika Nazirliyi bildirib ki, kəsintilərə enerji sistemində yaranan nasazlıq səbəb olub. Nəticədə üç elektrikötürücü xətt avtomatik şəkildə açılıb və Qazaxıstan enerji sisteminin cənub hissəsi Mərkəzi Asiyanın vahid enerji sistemindən ayrılıb.
Elektrik enerjisinin təchizatında tətbiq olunan məhdudiyyətlərin ümumi həcminin təxminən 2 810 MVt olduğu bildirilib.
KEGOC-un məlumatına əsasən, Bakı vaxtı ilə saat 17:09-da Qazaxıstanın enerji sisteminin normal fəaliyyət rejimi tam bərpa edilib.