Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı 864 nəfərə yüksəlib.
Bu barədə EFE agentliyi ölkənin rəsmi qurumlarına istinadən məlumat yayıb.
Açıqlamaya görə, indiyədək 2 181 nəfərdə Ebola infeksiyası təsdiqlənib. Onlardan 722 nəfər xəstəxanalarda müalicə alır, 412 pasiyent isə sağalaraq evə buraxılıb. Rəsmi statistikaya əsasən, hazırda xəstəlik üzrə ölüm göstəricisi 39,6 faiz təşkil edir.
Məlumata görə, epidemiya əsasən İturi, Şimali Kivu, Cənubi Kivu, Yuxarı Uele və Çopo əyalətlərini əhatə edir. Yoluxmaların ən çox qeydə alındığı bölgə isə epidemiyanın episentri hesab olunan İturi əyalətidir.
Konqo hökuməti bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün çevik reaksiya qrupları epidemioloji nəzarəti gücləndirib, erkən diaqnostika, xəstələrin müalicəsi və yoluxan şəxslərlə təmasda olmuş insanların müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qonşu Uqandada isə vəziyyət nisbətən stabilləşib. Rəsmi məlumata görə, son Ebola xəstəsi xəstəxanadan evə buraxılıb. Bu ölkədə ümumilikdə 20 təsdiqlənmiş yoluxma qeydə alınıb, iki nəfər isə virus səbəbindən həyatını itirib.
Xatırladaq ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası rəsmi olaraq 15 may tarixində, Uqanda və Cənubi Sudanla həmsərhəd İturi əyalətində elan olunmuşdu. Daha sonra xəstəlik ölkənin digər bölgələrinə və Uqandaya yayılıb.