Xeberhub.com TF1 telekanalına istinadən xəbər verir ki, Fransanın cənubunda yerləşən Var bölgəsində genişmiqyaslı meşə yanğını baş verib.
Məlumata görə, alov qısa müddət ərzində 2500 hektar ərazini əhatə edib. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə 400-ə yaxın sakinin təxliyəsinə qərar verib.
Bildirilib ki, təbii fəlakət nəticəsində 2300-ə yaxın ev elektrik enerjisiz qalıb, bir neçə fərdi yaşayış evi isə alovun təsirindən tamamilə yararsız vəziyyətə düşüb.
Yanğının söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyat aparılır. Hadisə yerinə 1200 yanğınsöndürən və xilasedici cəlb olunub. Bundan əlavə, alovun yayılmasının qarşısını almaq üçün 4 yanğınsöndürən təyyarə və onların fəaliyyətini koordinasiya edən 1 helikopter havaya qaldırılıb.