Xeberhub.com Oxu.Az, Qafqazinfo və Report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Arzum9999" adı ilə tanınan tiktoker İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bununla belə, ona təyin olunmuş 5 il 2 ay azadlıqdan məhrumetmə cəzası hələ də qüvvədə qalır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, İlduzə Hacıyeva hökmə qarşı apellyasiya şikayəti verib. Onun sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsi hökmün ləğv edilməsi demək deyil. Apellyasiya instansiyası cəzanı qüvvədə saxlaya, müddətini azalda və ya şərti cəza ilə əvəz edə bilər.
Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti təmin olunub. Məhkəmə İlduzə Hacıyevanın dörd övladının olmasını, onlardan birinin isə ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.
Qərara əsasən, İlduzə Hacıyevanın ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməsi qadağandır. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.
Məhkəmə həmçinin müdafiə tərəfinin cinayət işinin yenidən araşdırılması ilə bağlı vəsatətini də təmin edib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılacağı, tərəflərin əlavə sübutlar təqdim edə biləcəyi bildirilib.
Xatırladaq ki, İlduzə Hacıyeva 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi və hadisə yerini tərk etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham olunur.