İranda etiraz aksiyası iştirakçısı barədə çıxarılan ölüm hökmü icra edilib
İranda 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarında keçirilən kütləvi etiraz aksiyalarında iştirak etməkdə təqsirləndirilən şəxslərdən biri barədə çıxarılmış ölüm hökmü icra olunub.
İran mediasının yaydığı məlumata görə, Məhəmməd Əmini İsfahan əyalətinin Dehqan şəhərində inzibati bina və polis məntəqəsini yandırmaqda təqsirli bilinərək asılma yolu ilə edam edilib.
Məlumata əsasən, istintaq zamanı Əmini sözügedən binalara yandırıcı qarışıq doldurulmuş butulkalar atdığını etiraf edib. O, həmçinin ifadəsində bir qrup şəxslə birlikdə iğtişaşlarda iştirak etdiyini və İran təhlükəsizlik qüvvələrindən oğurlandığı iddia edilən "Kalaşnikov" avtomatı da daxil olmaqla müxtəlif silahlar əldə etdiklərini bildirib.
İran rəsmiləri hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıblar. Məlumatlar ölkə mediası tərəfindən yayılıb.