SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq ediləcək

👤 📅 👁 4 baxış ⏱ 3 dəq oxuma
Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq ediləcək

Xeberhub.com APA-ya istinadən xəbər verir ki, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejiminin tətbiqi üçün yeni model hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində nəzərdə tutulub.

Nazirlik bildirib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər ölkələrin təcrübəsinə əsasən, çevik iş vaxtı rejimi işçilərə həftəlik 40 saatlıq iş normasını qorumaqla iş gününün başlanma və bitmə vaxtını müəyyən edilmiş çərçivədə seçmək imkanı yaradır.

Qeyd olunub ki, bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında balansın qorunmasına, eləcə də əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.

Beynəlxalq praktikada çevik iş rejimi əsas iş saatları, işə başlama və bitirmə üçün müəyyən edilmiş vaxt aralıqları, həmçinin ümumi iş normasının dəyişməz saxlanılması prinsipləri əsasında tətbiq edilir. Konkret mexanizmlər isə hər bir ölkənin qanunvericiliyinə və əmək bazarının xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.

Nazirliyin məlumatına görə, belə iş rejimi xüsusilə informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik sahələrində, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, tələbələr və məsafədən və ya hibrid formada çalışan şəxslər üçün daha əlverişli hesab olunur.

Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin xüsusi qaydalar əsasında tətbiqi nəzərdə tutulur.

Bildirilib ki, 2026-2030-cu illər ərzində beynəlxalq təcrübənin öyrənilməsi, hüquqi və institusional təhlillərin aparılması, normativ hüquqi akt layihələrinin hazırlanması və çevik iş rejiminin mərhələli şəkildə tətbiqi planlaşdırılır.


A

Oxşar Xəbərlər