Xeberhub.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, iyulun 17-də İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində iki ABŞ hərbçisi həlak olub.
Açıqlamada bildirilir ki, hücumdan sonra bir hərbçi itkin düşmüş hesab olunurdu. Aparılan genişmiqyaslı axtarış tədbirləri zamanı hadisə yerində şəxsiyyəti hələ müəyyən edilməyən insan qalıqları aşkarlanıb. Hazırda onların itkin düşən hərbçiyə aid olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza aparılır.
CENTCOM-un məlumatına görə, iyulun 18-də İraqın şimalında İranın pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi əməliyyatı zamanı daha bir ABŞ hərbçisi həyatını itirib. Hadisə nəticəsində başqa bir hərbi qulluqçu yüngül xəsarət alıb və ona tibbi yardım göstərilib.
Komandanlıq həlak olan və itkin düşən hərbçilərin şəxsiyyəti ilə bağlı əlavə məlumat açıqlamayıb.