Azərbaycanda 73 mindən çox vətəndaşa 5,4 milyard manat ipoteka krediti ayrılıb
XeberHub.com xəbər verir ki, Report-un yaydığı məlumata əsasən, bu günədək Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat həcmində ipoteka krediti təqdim edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev məlumat verib.
Onun sözlərinə görə, verilən ipoteka kreditlərinin təxminən 80 faizi Fondun xətti, 20 faizi isə bankların daxili ipoteka proqramları çərçivəsində rəsmiləşdirilib.
R.Abdullayev bildirib ki, Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, ipoteka kreditlərinin bank sektorunun ümumi kredit portfelində xüsusi çəkisi 15,2 faiz təşkil edir.
Fond rəsmisi qeyd edib ki, 2018-ci ildən, yəni zəmanət mexanizminin tətbiqindən sonra ümumi dəyəri 150 milyon manata yaxın olan 1 571 zəmanətli ipoteka krediti verilib.
Statistik göstəricilərə əsasən, ipoteka krediti alanların 33 faizi 18–29 yaş, 34 faizi 29–35 yaş, 33 faizi isə 35 yaşdan yuxarı vətəndaşlardır. Bununla da kredit alanların 67 faizini gənclər və gənc ailələr təşkil edir.
Məlumata görə, regionlarda verilmiş ipoteka kreditlərinin payı 23 faiz olub. Kredit alanların 67 faizi evli, 33 faizi subay şəxslərdir.
Məşğulluq göstəricilərinə görə isə ipoteka alanların 42 faizi özəl sektorda, 58 faizi dövlət sektorunda çalışan vətəndaşlardır.
Rasim Abdullayev əlavə edib ki, 2020–2026-cı illərdə Fondun təqdim etdiyi maliyyə alətlərindən hər il orta hesabla 7 300-dən çox şəxs faydalanıb.