Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata əsasən, Azərbaycan və Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan yeni saziş imzalanıb.
Məlumata görə, Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə görüş keçirib.
Tərəflər görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Danışıqların yekununda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş" imzalanıb.