Prezident İlham Əliyev "John Deere" şirkətinin rəhbərliyi ilə görüşüb
XeberHub.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Görüş zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda keçirdiyi görüş məmnunluqla xatırlanıb.
Qonaqlar Azərbaycanda müşahidə etdikləri inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. Çaba Leyko şirkətin ölkəmizdə uğurlu fəaliyyət göstərdiyini vurğulayaraq, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
Söhbət zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğu, müasir texnologiyaların tətbiq edildiyi və bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər müzakirə olunub. Həmçinin kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş yeni Dövlət Proqramının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə "John Deere" şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib və kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Qeyd edək ki, "John Deere" şirkəti 1837-ci ildə ABŞ-də təsis edilib və kənd təsərrüfatı, tikinti, eləcə də meşəçilik texnikasının istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Şirkətin hazırda 30-dan çox ölkədə zavod və ofisləri fəaliyyət göstərir.