Xeberhub.com DHA-ya istinadən xəbər verir ki, AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan "Babala TV" layihəsinin yaradıcısı Oğuzhan Uğur haqqında 2017-ci ilə aid hüquqi araşdırma məlumatları gündəmə gəlib.
Məlumata görə, İstanbul məhkəmə informasiya sistemi (UYAP) qeydlərində Oğuzhan Uğur barəsində "üstündə və ya əlində daşınan əşyanın xüsusi üsulla götürülməsi yolu ilə oğurluq" maddəsi üzrə araşdırma aparıldığı göstərilib.
Bildirilir ki, həmin araşdırma Bakırköy Respublika Prokurorluğu tərəfindən həyata keçirilib. Lakin sonradan iş üzrə cinayət təqibinə xitam verilməsi (takipsizlik) barədə qərar qəbul olunub. Bu səbəbdən iş məhkəməyə göndərilməyib və cinayət təqibi davam etdirilməyib.
Xatırladaq ki, Oğuzhan Uğur hazırda AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub. Ona zəlzələ dövründə etdiyi paylaşımlar və şirkətin maliyyə əməliyyatları ilə əlaqədar "xidməti etibardan sui-istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları irəli sürülüb.