Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçirilən "Neftçi" – "Dinamo" (Minsk) qarşılaşmasında Belarus təmsilçisi hesabda önə keçib.
Görüşə uğurlu başlayan Bakı klubu artıq 2-ci dəqiqədə Emin Mahmudovun qolu ilə hesabı açıb. Cəmi altı dəqiqə sonra isə qonaq komandanın futbolçusu Aleksandr Selyava öz qapısına top göndərərək hesabı 2:0 edib.
Bununla belə, "Dinamo" oyuna dönüş etməyi bacarıb. 36-cı dəqiqədə Karen Vardanyan fərqlənərək hesab arasındakı fərqi azaldıb.
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Yevgeni Malaşeviç tarazlığı bərpa edib və hesab 2:2 olub.
Qonaqlar bununla kifayətlənməyiblər. 57-ci dəqiqədə Karen Vardanyan özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq "Dinamo"nu 3:2 hesabı ilə önə keçirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması 30 iyulda Minskdə keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.