Xeberhub.com xəbər verir ki, "Parkzone" tərəfindən "Qış Parkı" yeraltı parklanma ərazisində aparılan yenilənmə və quraşdırma işləri tamamlanıb.
Bildirilib ki, müasir parklanma sisteminə keçidlə əlaqədar olaraq ərazidə avtomatlaşdırılmış texnologiyalar tətbiq edilib. Yeni sistem nömrə tanıma funksiyası, sürətli keçid imkanları və onlayn ödəniş xidmətləri ilə təchiz olunub.
Artıq sürücülər terminal qarşısında gözləmədən avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma sahəsinə daxil ola və ərazidən çıxa biləcəklər. Ödənişlər isə "AzParking" mobil tətbiqi vasitəsilə daha rahat şəkildə həyata keçirilə bilər.
İstifadəçilər tətbiqdə "Digər parkinqlər" bölməsinə daxil olaraq müvafiq parklanma ərazisini seçməklə ödənişi qısa müddətdə tamamlaya bilərlər.
Qeyd edilib ki, "Qış Parkı" yeraltı parklanma məntəqəsi çoxsaylı avtomobil tutumu ilə Azərbaycanın ən böyük yeraltı parklanma obyektlərindən biri hesab olunur.
"Parkzone" yenilənmə müddətində göstərilən səbir və anlayışa görə vətəndaşlara təşəkkür edib.