Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, dünyanın ən tanınmış "YouTube" məzmun istehsalçılarından olan MrBeast (Cimmi Donaldson) sevgilisi Teya Boysen ilə evlənib.
Bloqer xoş xəbəri şəxsi "Instagram" hesabında toy mərasimindən paylaşdığı fotolar vasitəsilə ictimaiyyətə açıqlayıb. Kadrlarda MrBeast ağ pencək, qara şalvar və kəpənək qalstukda, Teya Boysen isə klassik gəlinlikdə görüntülənib.
Məlumata görə, toy mərasimi britaniyalı milyarder Riçard Brensona məxsus Karib dənizində yerləşən şəxsi Neker adasında təşkil olunub. Təntənəli mərasimdə 70-ə yaxın qonaq iştirak edib.
Teya Boysen Cənubi Afrikadan olan strimer, yazıçı və neyropsixologiya üzrə mütəxəssisdir. O, "Twitch" platformasında "TheaBeasty" adı ilə yayımlar edir. Boysenin "Instagram" hesabını isə 1,3 milyondan çox istifadəçi izləyir.
Cütlüyün tanışlığı 2022-ci ildə Cənubi Afrikada baş tutub. Onların ilk görüşü ortaq dostlarının təşkil etdiyi şam yeməyində təsadüfən reallaşıb.
Bildirilir ki, MrBeast əldə etdiyi gəlirlərin böyük hissəsini özünə məxsus "Beast Industries" şirkətinin inkişafına yönəldir. Şirkət onun "YouTube" kanallarının idarə olunması, kontent istehsalı və digər biznes layihələrinə nəzarət edir.
Məlumata əsasən, təkcə 2024-cü ildə "Beast Industries" videoların hazırlanmasına təxminən 250 milyon dollar sərmayə yatırıb. Proqnozlara görə, şirkətin 2025-ci ildə gəlirlərinin 899 milyon dollara yaxınlaşacağı, ümumi bazar dəyərinin isə 5 milyard dollara çatacağı gözlənilir.
Şərhlər (0)
Şərh yazın