Hidayət Heydərov federasiya tərəfindən cəzalandırılıb – Səbəb açıqlandı
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov iki yarışda çəki normasını yerinə yetirə bilmədiyi və sosial şəbəkədəki bəzi paylaşımlarına görə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən intizam tədbirinə məruz qalıb.
XeberHub.com xəbər verir ki, bu barədə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Rəşad Rəsullu bildirib ki, Hidayət Heydərovun sosial şəbəkədə etdiyi bəzi paylaşımlar federasiyanın daxili intizam qaydalarına uyğun qiymətləndirilib və ona qarşı müvafiq tədbir görülüb.
Onun sözlərinə görə, tətbiq olunan cəzanın mahiyyəti ictimaiyyətə açıqlanmayacaq.
"Hər bir qayda pozuntusunun öz cəzası var. Bu, federasiyanın daxili məsələsidir və cəzanın məzmununu açıqlamayacağıq. Nizam-intizam bizim üçün çox önəmlidir", – deyə Rəşad Rəsullu bildirib.
Federasiya rəsmisi həmçinin Hidayət Heydərovun bu il iki turnirdə çəki normasını yerinə yetirə bilmədiyi üçün yarışlara buraxılmamasına da münasibət bildirib. O qeyd edib ki, federasiyada qaydalar bütün idmançılar üçün eynidir və pozuntulara görə müxtəlif intizam tədbirləri tətbiq oluna bilər.
Rəşad Rəsullu əlavə edib ki, Hidayət Heydərovun çəki sala bilməməsinin səbəbləri müəyyənləşdirilib və hazırda idmançı ilə bu istiqamətdə iş aparılır.
"Pul cəriməsi verilə, təlim-məşq və hazırlıq proseslərindən kənarlaşdırılmaq kimi tədbirlər tətbiq oluna bilər. Bununla yanaşı, idmançının səhvini dərk etməsi də nəzərə alınır. Hər iki halda Hidayət Heydərova cəza verilib. Amma hesab edirik ki, ən böyük cəzanı o, özünə verib. Biz onun gələcəkdə ikiqat olimpiya çempionu olacağına inanırıq", – deyə federasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
Şərhlər (0)
Şərh yazın