Qubada hamilə qadının və bətnindəki körpənin ölümü araşdırılır
Quba rayonunda 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın və bətnindəki dölün ölümü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XeberHub.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti Axar.az-ın sorğusuna cavab olaraq məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 14-də baş verib. Məlumata görə, Səbinə Əmrahovaya ev şəraitində antibiotik preparatı inyeksiya edildikdən sonra onun səhhəti qəfil pisləşib. Bundan sonra o, təcili olaraq tibb müəssisəsinə yerləşdirilib.
Rəsmi məlumata əsasən, qadın iyulun 15-də müalicə aldığı xəstəxanada vəfat edib. Hadisə nəticəsində onun bətnindəki döl də həyatını itirib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. İstintaq çərçivəsində hadisənin başvermə şəraiti, ölümün dəqiq səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər mühüm hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Baş Prokurorluq bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərar qəbul ediləcək.
Şərhlər (0)
Şərh yazın