Yeni Günəşlidə yol nişanlanması ilə bağlı narazılığa AYNA-dan cavab gəldi
Bakının Yeni Günəşli qəsəbəsində yerləşən dairəvi yolda aparılan yeni xətlənmə işləri sürücülər və sakinlər arasında narazılığa səbəb olub. Vətəndaşlar şəhər istiqamətində hərəkət üçün cəmi bir zolağın ayrıldığını iddia edərək bu səbəbdən ərazidə sıxlıq və tıxac yarandığını bildiriblər.
XeberHub.com xəbər verir ki, sakinlərin sözlərinə görə, Qaraçuxur və Yeni Günəşli qəsəbələrindən metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri yalnız bir zolaqdan istifadə etmək məcburiyyətində qalır. Onlar hesab edirlər ki, bu vəziyyət avtomobillərin yığılmasına və nəqliyyatın hərəkətinin çətinləşməsinə səbəb olur.
Sakinlər həmçinin yol nişanlanmasının tam başa çatdırılmadığını, dairəvi yolun hərəkətinin tənzimlənməsi üçün işıqfor və ya digər nəzarət vasitələrinin quraşdırılmasının vacib olduğunu bildiriblər. Onların sözlərinə görə, metronun "Xalqlar Dostluğu" stansiyasından Günəşli istiqamətində yolun dar hissəsində "QAZel" markalı avtomobildə qarpız satışı aparılması da yolun daha da daralmasına və sıxlığın artmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusunu cavablandıraraq bildirib ki, İlqar Musayev küçəsində hərəkətin təşkili ilə bağlı hər hansı dəyişiklik edilməyib.
Qurumun açıqlamasında qeyd olunub ki, küçənin hər iki çıxışında yolun eninin imkan verdiyi hissələrdə nəqliyyat axını nəzərə alınmaqla 3 hərəkət zolağı təşkil edilib. Yolun digər hissələri isə mövcud en göstəricilərinə uyğun olaraq 2 zolaqlı (bir gediş, bir gəliş) saxlanılıb. AYNA əlavə zolağın yaradılmasının yolun fiziki imkanları baxımından mümkün olmadığını vurğulayıb.