İranda Təbriz Günü qeyd olunub
İranda Məşrutə hərəkatının növbəti ildönümü münasibətilə Təbriz Günü qeyd edilib.
Xeberhub.com xəbər verir ki, Report-un İRNA agentliyinə istinadən yaydığı məlumata görə, İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu münasibətlə Güney Azərbaycana müraciət ünvanlayıb.
O, müraciətində Güney Azərbaycanı "İran tarixinin açıq kitabı və azadlıq, qeyrət və sivilizasiya məktəbi" adlandıraraq, bölgənin tarixi şəxsiyyətlərinin və şəhidlərinin xatirəsini yad edib.
Fatimə Mühacirani bildirib ki, Güney Azərbaycan İranın mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.
"Milli sərkərdə Səttarxanın və milli rəhbər Bağırxanın torpağı əbədi dastanların izlərini təqvimin hər səhifəsində görmək mümkün olan torpaqdır. Təbriz həmişə ilk nailiyyətlər şəhəri olub. Ölkənin mədəniyyət, təhsil, idman və incəsənət sahəsində bir çox inkişaf mərhələlərinin ilk addımları məhz bu torpaqda atılıb", – deyə o qeyd edib.
Qeyd edək ki, 1905–1911-ci illərdə Səttarxan və Bağırxanın rəhbərliyi ilə baş verən Məşrutə hərəkatı İran parlamentarizminin formalaşmasında mühüm rol oynayıb. Hərəkatın nəticəsi olaraq 1906-cı ilin avqustunda Müzəfərəddin Şah Qacar ölkə tarixində ilk konstitusiyanı təsdiqləyib.