Rusiyada "Wildberries" logistika mərkəzinə PUA hücumu: Ölən və yaralananlar var
Xeberhub.com xəbər verir ki, Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində yerləşən "Wildberries" logistika mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi bildirilir.
Tambov vilayətinin qubernatoru Yevgeni Perveşovun açıqlamasına görə, hücum zamanı gecə növbəsində çalışan yeddi nəfər həyatını itirib.
Qubernator bildirib ki, həlak olanların ailələrinə və yaxınlarına lazımi dəstək göstəriləcək.
İlkin məlumata əsasən, hadisə nəticəsində daha 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tambov və Kotovsk şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıb və onlara tibbi yardım göstərilir.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirilib ki, logistika mərkəzində baş vermiş açıq yanğın nəzarət altına alınıb, ərazidə tam söndürülmə və təhlükəsizlik tədbirləri davam etdirilir.
Hadisənin detalları və hücumun nəticələri ilə bağlı araşdırma aparılır.