Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi təşkil olunub.
Mərasimin keçirildiyi meydan Azərbaycanın və Qırğızıstanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb. Daha sonra fəxri qarovul dəstəsinin komandiri dövlət başçısına raport təqdim edib.
Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladıqdan sonra Azərbaycan və Qırğızıstan liderləri qarovulun önündən keçiblər.
Ardınca Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunub.
Mərasimin davamında fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə prezidentlərin qarşısından keçib. Rəsmi qarşılanma dövlət başçılarının birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşıb.