Xeberhub.com xəbər verir ki, Oxu.az-ın istinad etdiyi OSINT kanallarının yaydığı məlumata görə, iyulun 23-nə keçən gecə pilotsuz uçuş aparatları Rusiyanın Voronej vilayəti və digər regionlarında yerləşən bir sıra strateji obyektlərə kütləvi hücum həyata keçirib.
Məlumata əsasən, Voronejdə ardıcıl partlayış səsləri eşidilib. Monitorinq kanalları ehtimal edir ki, hücumun hədəflərindən biri daha əvvəl də zərbə almış "Wildberries" şirkətinin logistika mərkəzi olub.
Bildirilir ki, əvvəlki hücumlardan sonra şirkət sözügedən anbarın gecə növbəsində fəaliyyətini dayandırmışdı.
OSINT mənbələrinin məlumatına görə, Ulyanovsk vilayətinin Novospasskoye qəsəbəsində yerləşən "NS-Oil" şirkətinə məxsus mayeləşdirilmiş qaz bazası da pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib. Hücumun bir neçə saat davam etdiyi, qaz bazası ilə yanaşı, eyni yaşayış məntəqəsində yerləşən neft bazasına da zərbələr endirildiyi qeyd olunub.
Bundan başqa, Başqırdıstanın Tuymazı şəhərində "Transneft-Ural" şirkətinə məxsus "Subxankulovo" xətti istehsalat-dispetçer stansiyasına hücum edildiyi bildirilir. Məlumata görə, obyektin çənlərindən birində yanğın baş verib.
Yerli sakinlərin sözlərinə görə, əraziyə ümumilikdə səkkiz zərbə endirilib.
Qeyd edək ki, məlumatlar OSINT monitorinq kanallarına əsaslanır və hadisələrlə bağlı Rusiya rəsmilərinin rəsmi açıqlaması hələlik yayımlanmayıb.