Türkiyəli rektor: Vaşinqton görüşü Cənubi Qafqazda dönüş nöqtəsi oldu
Xeberhub.com xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün Cənubi Qafqaz üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib.
Professor qeyd edib ki, son bir ildə baş verən hadisələr Vaşinqton görüşünün region üçün əhəmiyyətini bir daha təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla həmsərhəd olan İğdır vilayətində Cənubi Qafqazda gedən proseslər xüsusi diqqətlə izlənilir.
Ekrem Gürel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımları regionda sülh, təhlükəsizlik və inkişaf üçün yeni imkan kimi qiymətləndirib. O, yüksəksəviyyəli görüşlərin, texniki nümayəndə heyətlərinin təmaslarının və ictimai bəyanatların sülh prosesinin davamlılığına dair ümidləri artırdığını vurğulayıb.
Rektorun fikrincə, sülh sazişinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası kimi hüquqi-texniki məsələlərin həlli müəyyən vaxt tələb edir. O bildirib ki, əsas məsələ yalnız sənədin imzalanması deyil, tərəflərin dialoqa və danışıqlara hazır olmasıdır.
Türkiyənin konstruktiv mövqeyinin regional sülhün qorunmasında mühüm rol oynadığını deyən Gürel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının bir sıra yeni layihələr üçün imkan yaradacağını bildirib.
Onun sözlərinə görə, prosesin inkişafı Orta Dəhlizin effektivliyinin artırılmasına, enerji, nəqliyyat və ticarət sahələrində yeni təşəbbüslərin yaranmasına, eləcə də cəmiyyətlər arasında əlaqələrin genişlənməsinə töhfə verə bilər.
İğdır Universitetinin rektoru həmçinin regional universitetlər arasında akademik əməkdaşlığın normallaşma prosesinə müsbət təsir göstərə biləcəyini qeyd edib.
Gürel Vaşinqton görüşünün birinci ildönümündə prosesin geri dönməz xarakter alacağına və Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, rifah və əməkdaşlığın möhkəmlənəcəyinə ümid etdiyini bildirib.