ABŞ-dan Yaponiya ilə bağlı açıqlama: Kuril adaları üzərində suverenlik tanınır
ABŞ Yaponiya ilə mübahisəli Kuril adaları məsələsində Tokionun mövqeyini dəstəklədiyini açıqlayıb.
Xeberhub.com xəbər verir ki, ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass Vaşinqtonun Yaponiyanın “Şimal əraziləri” üzərində suverenliyini tanıdığını bildirib. Səfir bu mövqenin ABŞ-Yaponiya müttəfiqliyinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Qlassın sözlərinə görə, ABŞ ən mühüm müttəfiqi olan Yaponiyaya dəstəyini davam etdirir və Hind-Sakit okean regionunda sülh və sabitliyi pozan addımlara qarşı çıxır.
Səfirin açıqlaması Rusiya Prezidenti Vladimir Putinin mübahisəli İturup adasına səfərindən sonra verilib. Putin avqustun 13-də Rusiyanın nəzarətində olan adaya gedib. Yaponiya isə səfərə kəskin etiraz edərək İturupun və digər üç adanın tarixi və beynəlxalq hüquq baxımından Yaponiyaya məxsus olduğunu bildirib. Rusiya tərəfi isə adalar üzərində öz suverenliyini müdafiə edir.
ABŞ-ın Yaponiyanın mövqeyini dəstəkləməsi yeni açıqlama deyil: Vaşinqton uzun müddətdir Yaponiyanın “Şimal əraziləri” ilə bağlı mövqeyini dəstəklədiyini bildirir.