Xarici ticarətin gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq
Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikası üzrə məlumatların təqdim ediləcəyi dövlət qurumlarının siyahısı genişləndirilib.
Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra xarici ticarətin gömrük statistikası məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək. Dəyişiklik Prezidentin rəsmi saytında yayımlanıb.
Hazırda xarici ticarətin gömrük statistikası üzrə məlumatlar Milli Məclisə, Mərkəzi Banka, Prezidentə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Dövlət Statistika Komitəsinə təqdim olunur.
Yeni dəyişikliklə həmin siyahıya Kənd Təsərrüfatı Nazirliyi də əlavə edilib.
Beləliklə, nazirlik xarici ticarət üzrə gömrük statistikası məlumatlarını digər aidiyyəti dövlət qurumları ilə yanaşı əldə edən qurumlardan biri olacaq.