SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İqtisadçılar idxaldakı azalmanın səbəblərini açıqladılar

👤 📅 👁 7 baxış ⏱ 3 dəq oxuma
İqtisadçılar idxaldakı azalmanın səbəblərini açıqladılar

2026-cı ilin ilk altı ayında Azərbaycanda idxalın həcmi əhəmiyyətli dərəcədə azalsa da, iqtisadçılar bu tendensiyanın iqtisadi zəifləmə kimi qiymətləndirilməsinin doğru olmadığını bildirirlər.

XeberHub.com xəbər verir ki, "Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı təhlildə Dövlət Gömrük Komitəsinin statistikası əsasında bildirilib ki, yanvar–iyun aylarında ölkəyə idxal olunan malların ümumi dəyəri 8,34 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,18 milyard dollar və ya 27,6 faiz azdır.

Bununla yanaşı, statistikada diqqət çəkən məqamlardan biri maşın və avadanlıq idxalının 18,8 faiz artaraq 2 milyard dolları ötməsi olub. Ərzaq məhsullarının idxalı da 6,9 faiz yüksəlib. Ən böyük azalma isə 62 faiz geriləyən "digər mallar" kateqoriyasında qeydə alınıb.

İqtisadçı Günay Hüseynova hesab edir ki, ümumi rəqəmlər iqtisadi vəziyyəti tam əks etdirmir və qiymətləndirmə aparılarkən mal qrupları ayrıca təhlil edilməlidir.

Onun sözlərinə görə, sənaye avadanlıqlarının idxalındakı artım ölkədə istehsal və investisiya aktivliyinin davam etdiyini göstərir. Geyim və mebel idxalındakı azalmanı isə daxili istehsalın güclənməsi ilə əlaqələndirmək mümkündür. Bununla belə, ərzaq məhsullarının, xüsusilə ət və süd məhsullarının idxalının artması Azərbaycanın bu sahədə xarici bazarlardan asılılığının hələ də yüksək olduğunu göstərir.

Ekspert əlavə edib ki, idxalın 3 milyard dollardan çox azalması valyuta axınının azalması baxımından milli valyuta və tədiyyə balansı üçün müsbət amildir. Lakin ümumi geriləmənin əsas hissəsinin "digər mallar" kateqoriyasında baş verməsi həmin qrupun strukturunun daha ətraflı araşdırılmasını zəruri edir.

İqtisadçı Cəfər İbrahimli də hesab edir ki, idxalın azalması fonunda ixracın artması Azərbaycanın xarici ticarət balansına müsbət təsir göstərib. Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə bəzi iri infrastruktur layihələrinin tamamlanması idxal strukturuna təsir etsə də, texnoloji avadanlıqların idxalının artması ölkədə investisiya proseslərinin davam etdiyini göstərir.

Cəfər İbrahimli vurğulayıb ki, mebel və geyim idxalındakı azalma yerli istehsalın inkişafı ilə izah olunsa da, ərzaq məhsulları üzrə idxaldan asılılıq hələ də qalmaqdadır. O, həmçinin qeyd edib ki, idxaldakı ümumi azalmanın əsas səbəbi "digər mallar" kateqoriyasında müşahidə olunan kəskin geriləmədir və iqtisadi mənzərəni düzgün qiymətləndirmək üçün məhz bu kateqoriyanın ayrıca təhlilinə ehtiyac var.

A

Oxşar Xəbərlər