Xeberhub.com xəbər verir ki, "GL Group" ilə qlobal enerji texnologiyaları şirkəti "Baker Hughes" arasında beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.
Şirkətlərin yaydığı məlumata görə, sazişin əsas məqsədi tərəflər arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, uzunmüddətli tərəfdaşlıq çərçivəsinin yaradılması və birgə inkişaf imkanlarının genişləndirilməsidir.
Bildirilib ki, əməkdaşlıq hər iki şirkətə öz təcrübə, texnoloji imkan və ekspertizasından qarşılıqlı şəkildə faydalanmağa şərait yaradacaq. Layihənin "GL Group"un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının gücləndirilməsinə, qabaqcıl texnologiyalara çıxışının genişlənməsinə və Azərbaycandakı uzunmüddətli inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
"GL Group"un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib ki, imzalanan saziş şirkətin inkişaf strategiyasında mühüm mərhələ hesab olunur.
Onun sözlərinə görə, "Baker Hughes" ilə tərəfdaşlığın genişləndirilməsi "GL Group"a qlobal texnologiyalara, innovativ həllərə və əməliyyat mükəmməlliyinə çıxış imkanı yaradacaq ki, bu da şirkətin davamlı inkişafını və uzunmüddətli uğurunu dəstəkləyəcək.
"Baker Hughes" şirkətinin baş vitse-prezidenti Cim Seşns isə qeyd edib ki, şirkət enerji sektorunda səmərəliliyin artırılması, risklərin azaldılması və innovativ texnologiyaların tətbiqinə davamlı investisiya yatırır.
Onun sözlərinə görə, strateji əməkdaşlıq çərçivəsində əsas məqsəd "GL Group"un enerji aktivlərinin və regionun enerji sektorunun dəyərini artıracaq müasir texnoloji həllərin hazırlanması və tətbiq edilməsidir.