SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Space TV bank hesablarına həbs qərarı ilə bağlı açıqlama yaydı

👤 📅 👁 12 baxış ⏱ 3 dəq oxuma
Space TV bank hesablarına həbs qərarı ilə bağlı açıqlama yaydı

"Space TV" bank hesablarına həbs qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Xeberhub.com xəbər verir ki, "Space TV"nin yaydığı açıqlamaya əsasən, bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara rəsmi münasibət açıqlanıb.

Televiziya bildirib ki, məsələ 2021-ci ildə "Xalq Bank" ASC tərəfindən ayrılmış 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranan 140 313,06 ABŞ dolları borcla bağlıdır. Açıqlamaya görə, kredit üzrə son ödəniş 2024-cü il yanvarın 19-da həyata keçirilib.

Kanal rəhbərliyi qeyd edib ki, sözügedən maliyyə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevralından etibarən "Space TV"yə rəhbərlik etmiş Vado Korovinin fəaliyyət dövrünə təsadüf edir.

Bəyanatda vurğulanıb ki, həmin dövrdə televiziya idarəçiliyində sistemli problemlər yaranıb, maliyyə intizamı zəifləyib və strateji inkişaf istiqamətində ciddi çatışmazlıqlar müşahidə olunub. Bildirilib ki, icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul-Əliyevin fəaliyyəti dövründə də idarəetmədə qeyri-sistemli yanaşma üstünlük təşkil edib.

Açıqlamaya əsasən, kanalın maddi-texniki bazası da ciddi şəkildə zəifləyib. Balansda olan 24 xidməti avtomobildən yalnız ikisinin işlək vəziyyətdə olduğu, texniki avadanlıqların və studiyaların uzun müddət yenilənmədiyi qeyd olunub.

"Space TV" hazırda həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Qeyd olunub ki, araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun hüquqi addımlar atılacaq.

Televiziya rəhbərliyi həmçinin diqqətə çatdırıb ki, məhkəmənin qərarı müvəqqəti təminat tədbiri xarakteri daşıyır və bu qərar əməkhaqlarının, vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə mane olmur. Kanalın fəaliyyətinin normal qaydada davam etdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, hazırda "Space TV"də genişmiqyaslı yenidənqurma və islahat proqramı həyata keçirilir. Son dövrdə 15 xidməti avtomobil əsaslı təmir olunaraq istifadəyə verilib, yeni pavilyonlar tikilib, müasir yayım və çəkiliş avadanlıqları alınaraq istifadəyə təqdim edilib, Naxçıvanda müxbir məntəqəsi yaradılıb və yeni televiziya layihələrinin hazırlanmasına başlanılıb.

Bundan əlavə, kanalda peşəkar kadrların işə qəbul edildiyi, inzibati binada əsaslı təmir və abadlıq işlərinin aparıldığı, müasir LED sistemləri və monitorların quraşdırıldığı bildirilib.

"Space TV" əlavə edib ki, proqram siyasəti tamamilə yenilənir və sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Kanal rəhbərliyi əvvəlki dövrdən qalan maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib.

A

Oxşar Xəbərlər