Azərbaycan parlamenti ABŞ Konqresinin qanun layihəsinə etiraz etdi
Xeberhub.com xəbər verir ki, Milli Məclisin yaydığı məlumata əsasən, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 22 iyul 2026-cı il tarixində qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsinə etiraz bildirilib.
Parlament bəyan edib ki, sənəddə Azərbaycana qarşı irəli sürülən iddialar əsassızdır və qəti şəkildə rədd olunur. Bildirilib ki, qanun layihəsi beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, erməni lobbisinin maraqlarına xidmət edən növbəti siyasi təşəbbüs kimi qiymətləndirilir.
Açıqlamada qeyd olunub ki, layihənin müəllifi konqresmen Bred Şerman erməni lobbi qrupları ilə yaxın əlaqələri və onların siyasi mövqeyini müdafiə etməsi ilə tanınır. Milli Məclis hesab edir ki, ABŞ-də seçkilər ərəfəsində irəli sürülən belə təşəbbüslər ölkənin milli maraqlarından çox müəyyən lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmağa hesablanıb.
Bəyanatda həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinin, o cümlədən Frank Şvabenin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi iddia olunaraq, bunun koordinasiyalı kampaniyanın tərkib hissəsi olduğu vurğulanıb.
Milli Məclis bildirib ki, belə addımlar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərir. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsləri fonunda yaranmış dialoq imkanlarına baxmayaraq, birtərəfli siyasi qərarlar etimad mühitinə zərbə vurur.
Parlament həmçinin qanun layihəsində Azərbaycanda məhkum olunmuş şəxslərin "hərbi əsir" və "siyasi məhbus" kimi təqdim edilməsini qəbuledilməz sayıb. Açıqlamada vurğulanıb ki, həmin şəxslər hərbi təcavüz, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayətlərə görə Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediliblər.
Sonda Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsirindən uzaq durmağa, Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa hörmət göstərməyə, həmçinin Cənubi Qafqazda sülh prosesinə mane olacaq addımlardan çəkinməyə çağırıb.