Birdəfəlik sığorta ödənişinin maksimum məbləği müəyyənləşdirildi
XeberHub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata əsasən, Prezident İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixdə qüvvədə olan minimum aylıq əməkhaqqının 1000 mislindən artıq ola bilməyəcək.
Yeni qanunla, həmçinin büdcə və ya müqavilə ili ərzində sığorta olunanların sayı, kateqoriyaları, peşə riski dərəcəsi və əməkhaqqı fondunda dəyişiklik baş verdiyi halda sığorta haqqının qalan müddətə uyğun şəkildə yenidən hesablanması nəzərdə tutulur.
Bundan başqa, büdcə ili ərzində yeni sığortalı yarandıqda və ya sığorta haqları yenidən hesablandıqda, həmin məbləğlər hesablanmaya əsas verən hal yarandığı tarixdən 15 iş günü ərzində ödənilməlidir.
Qanuna edilən digər dəyişikliklərə əsasən, sığorta vəsaitləri son 24 ay ərzində gecikdirilmiş faiz ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə olunan gəlirlər hesabına da formalaşdırılacaq.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələrdə, dövlət publik hüquqi şəxslərində və büdcə təşkilatlarında çalışan şəxslər, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, həmçinin könüllülər icbari sığortaya cəlb olunurlar.