Tramp özünün keçmiş vəkilini Ağ Evin hüquq məsləhətçisi təyin edir
Xeberhub.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl məhkəmə proseslərində onun hüquqlarını müdafiə etmiş Uill Şarfı Ağ Evin hüquq məsləhətçisi və prezidentin köməkçisi vəzifəsinə təyin etmək qərarına gəlib.
Oxu.Az-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. Bildirilib ki, Şarf sentyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.
Uill Şarf bu postda Devid Uorrinqtonu əvəzləyəcək. Trampın sözlərinə görə, Uorrinqton bundan sonra fəaliyyətini özəl sektorda davam etdirəcək.
ABŞ prezidenti Şarfı yaxşı tanıdığını və onun Ağ Ev aparatının məsul katibi kimi fəaliyyət göstərdiyini qeyd edib. Tramp əlavə edib ki, Şarf Co Baydenin prezidentliyi dövründə onun bir sıra məhkəmə proseslərində, o cümlədən ABŞ Ali Məhkəməsində hüquqlarını müdafiə edib.
Tramp Bayden administrasiyası dövründə ona qarşı siyasi motivli məhkəmə təqiblərinin aparıldığını dəfələrlə bildirib.
Qeyd edək ki, Ağ Evin hüquq məsləhətçisi ABŞ prezidentinə və administrasiyasına müxtəlif hüquqi məsələlər üzrə tövsiyələr verir. Bu vəzifənin əhatə etdiyi məsələlərə prezidentin qanun layihələrini imzalaması, əfv qərarları və mümkün maraqlar toqquşmaları ilə bağlı hüquqi qiymətləndirmələr daxildir.