Balakəndə ağır qəza: 3 nəfər öldü, 2 nəfər yaralandı
Xeberhub.com xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.
Axar.az “Report”a istinadən bildirir ki, qəza səhər saatlarında “Hyundai”, “KIA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
İlkin məlumata əsasən, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Məryəm Kamil qızı Hoorsova və “Toyota” markalı avtomobilin sərnişini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində dünyasını dəyişib. Digər ölən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
TƏBİB-dən verilən məlumata görə, yaralanan iki kişi Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, fakt üzrə cinayət işi başlanılıb və araşdırma aparılır.