Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüş keçirib.
Xeberhub.com xəbər verir ki, Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüş zamanı Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfərinin, eləcə də Şuşada iki ölkə liderləri arasında baş tutan danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Tərəflər Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirakını yüksək qiymətləndiriblər. Xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan tikinti işlərində Slovakiya şirkətlərinin rolunun önəmi qeyd olunub.
Görüşdə Slovakiya tərəfinin Baş Qərvənd kənd tam orta məktəbinin binasını inşa edərək Azərbaycan dövlətinə hədiyyə etmək təşəbbüsü də yüksək dəyərləndirilib və buna görə təşəkkür ifadə olunub.
Müzakirələr zamanı Azərbaycan və Slovakiya arasında siyasi dialoq, ticarət və iqtisadi əlaqələr, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparıblar.