Xeberhub.com xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələrinin bu gün Ciddə şəhərində müdafiə sahəsində əməkdaşlığa dair ortaq müqavilənin imzalanmasını müzakirə etmək üçün bir araya gəlməsi gözlənilir.
Məlumata görə, təşəbbüs Yaxın Şərqdə təhlükəsizlik risklərinin artdığı, xüsusilə ABŞ-İran qarşıdurmasının Körfəz regionuna, eləcə də Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçiliyə təsir göstərdiyi bir dövrdə gündəmə gəlib.
Hökumət və hərbi dairələrə yaxın mənbələrin bildirdiyinə əsasən, üçtərəfli müdafiə əməkdaşlığı ilə bağlı danışıqlar bir müddətdir davam edirdi. Son regional hadisələrin isə prosesin sürətlənməsinə təsir etdiyi qeyd olunur.
Digər mənbənin sözlərinə görə, sənədin cümə günü imzalanması planlaşdırılır. Həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Ciddədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirəcəyi gözlənilir.