Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi "Sağlam həmkar" minifutbol turniri final oyunu ilə başa çatıb.
Xeberhub.com xəbər verir ki, həlledici qarşılaşmadan öncə iştirakçılar və azarkeşlər üçün xüsusi idman proqramı təşkil olunub. Tədbirə karate üzrə Avropa çempionu Mədinə Sadıqova, yunan-Roma güləşi üzrə dünya çempionu Əli Nəzərov və Avropa çempionu Emin Cavadlı qatılıb. AHİİTA-nın idmançıları musiqi müşayiəti ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.
Final görüşündə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası ilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin yekun nəticələrinə əsasən, ikinci yeri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası tutub. Üçüncü pillədə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası qərarlaşıb.
Mükafatlandırma mərasimində qaliblərə kubok, medal və diplomlar təqdim edilib. Bununla yanaşı, "Ən yaxşı oyunçu", "Ən yaxşı qapıçı" və "Ən məhsuldar futbolçu" nominasiyaları üzrə fərqlənən iştirakçılar xüsusi mükafatlarla təltif olunublar.
Qeyd edək ki, iyunun 6-da start verilən turnirdə AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda dörd qrupda mübarizə aparıb. Yarışın əsas məqsədi sağlam həyat tərzinin təşviqi, əmək kollektivlərində komanda ruhunun və həmrəyliyin gücləndirilməsi, həmçinin işçilərin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək olub.
Şərhlər (0)
Şərh yazın