SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Naxçıvanın inkişafına 258 milyon manat ayrılır

👤 📅 👁 7 baxış ⏱ 4 dəq oxuma
Naxçıvanın inkişafına 258 milyon manat ayrılır

Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsinə dair Sərəncam imzalayıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın President.az-a istinadən yaydığı məlumata görə, sənəd Naxçıvanda 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil obyektlərinin tikintisi və abadlıq işlərinin davam etdirilməsi məqsədi daşıyır.

Sərəncama əsasən, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması planlaşdırılır.

Məbləğin 66 milyon manatı Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsinə yönəldiləcək.

70 milyon manat Naxçıvan Muxtar Respublikasında ümumilikdə 156,3 min nəfərin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 2 kəndlərarası, 5 şəhər və 10 kənd yolunun əsaslı təmirinə ayrılacaq.

Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat vəsait nəzərdə tutulub.

Naxçıvan, Şərur, Culfa və Şahbuz şəhərlərində 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə 3087 mənzilli 70 yaşayış binasının fasadlarının əsaslı təmiri üçün 15 milyon manat ayrılacaq.

Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə 20 milyon manat yönəldilməsi nəzərdə tutulur. Yeni bağçaların Bulqan, Dəstə, Şərur, Əbrəqunus və Qarabağlar yaşayış məntəqələrində inşa ediləcəyi bildirilir.

Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi üçün ilkin mərhələdə 53 milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 5335 mənzilə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmirinə isə 9 milyon manat ayrılması planlaşdırılır.

Naxçıvanda həyata keçirilən layihələr

Sərəncamda Naxçıvan Muxtar Respublikasının son illərdə sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə də diqqət çəkilib.

Qeyd olunub ki, muxtar respublikada dövlət proqramları və müxtəlif infrastruktur layihələri icra edilir. Naxçıvan Regional DOST Mərkəzi istifadəyə verilib, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə əlavə 68 mənzil ayrılıb.

Naxçıvan şəhərində memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb, Möminə xatun türbəsində isə bərpa-konservasiya işləri davam etdirilir.

Enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi, eləcə də bir sıra elektrik yarımstansiyaları inşa edilərək istifadəyə verilib. 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri də aparılır.

Yaşıl enerji zonası elan edilən Naxçıvanda ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, həmçinin 36 MVt gücündə “Ordubad” və 15,6 MVt gücündə “Tivi” su elektrik stansiyalarının tikintisi davam etdirilir.

Nəqliyyat imkanlarının genişləndirilməsi çərçivəsində 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.

Bundan başqa, Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün tədbirlər görülür.

A

Oxşar Xəbərlər