Casusluqda təqsirləndirilən Martin Rayan və dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədlinin apellyasiya şikayəti təmin edilməyib
Fransaya casusluqda ittiham olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində çıxarılan məhkəmə hökmü qüvvədə saxlanılıb.
Xeberhub.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə verilmiş apellyasiya şikayətinə baxılıb. Məlumatın ilkin mənbəyi **Report (Axar.az istinadla)**dır.
Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişmədən saxlayıb.
Qeyd edək ki, əvvəlki məhkəmə qərarına əsasən, Martin Rayan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, Martin Rayanın Azərbaycan istehsalı olan silah-sursatlar, 44 günlük Vətən müharibəsi dövründə ordunun təminatı, hərbi əməkdaşlıq, müdafiə sahəsi və digər məlumatlarla bağlı xarici xüsusi xidmət orqanlarının tapşırıqları əsasında fəaliyyət göstərdiyi iddia olunub.
Məlumata görə, Rayanın Azad Məmmədlini Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirdiyi və ona müəyyən fəaliyyət qarşılığında xarici vətəndaşlıq vəd edildiyi bildirilib.
Təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də DTX tərəfindən saxlanılıblar. Martin Rayana Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq), Azad Məmmədliyə isə 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.