SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Təhsil

Elektron diplomlarla bağlı problem: Xaricdə apostil necə veriləcək?

👤 📅 👁 24 baxış ⏱ 5 dəq oxuma
Elektron diplomlarla bağlı problem: Xaricdə apostil necə veriləcək?

Elektron diplomlarla bağlı problem: Xaricdə apostil məsələsi necə həll olunur?

Azərbaycanda təhsil sənədlərinin elektron formata keçirilməsi davam edir. Yeni sistem daxili istifadə baxımından hüquqi əsaslara malik olsa da, elektron diplom və attestatların xaricdə tanınması və apostillə təsdiqlənməsi ilə bağlı müəyyən çətinliklər yaranır.

Xeberhub.com xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, təhsilin müxtəlif pillə və səviyyələrini başa vuran şəxslərə dövlət təhsil sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında təqdim edilir.

Artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb. Lakin elektron sənədlərin xaricdə, xüsusilə səfirliklər və ali təhsil müəssisələri tərəfindən qəbulunda əsas problemlərdən biri apostil məsələsidir.

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov elektron təhsil sənədlərinə keçidi mütərəqqi addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, təkmil elektron imza ilə təsdiqlənmiş elektron sənəd kağız üzərindəki sənədlə eyni hüquqi qüvvəyə malikdir. Bununla belə, beynəlxalq sənəd dövriyyəsində rəqəmsal sənədlərin tanınması ilə bağlı müəyyən hüquqi və texniki uyğunsuzluqlar mövcuddur.

İ.Orucov bildirib ki, elektron attestat və ya diplom “mygov” platformasından PDF formatında yüklənərək çap edildikdə rəqəmsal imza öz texnoloji funksiyasını itirir və kağız üzərində sadəcə qrafik təsvir kimi görünür. Bu isə sənədin klassik apostil mexanizmi ilə birbaşa təsdiqlənməsində çətinlik yaradır.

Ekspert qeyd edib ki, bəzi xarici ölkələrin təhsil müəssisələri və dövlət qurumları hələ də fiziki imza, möhür və kağız daşıyıcıda təqdim olunan sənədlər tələb edirlər. Bundan başqa, Azərbaycan dövlət informasiya sistemlərinin xarici platformalarla tam inteqrasiyasının olmaması QR-kod vasitəsilə sənədin yoxlanılmasını da bütün hallarda kifayət qədər qəbulolunan mexanizmə çevirmir.

Hazırda elektron təhsil sənədinin apostillə təsdiqlənməsi üçün alternativ mexanizmdən istifadə olunur. Belə ki, vətəndaş elektron sənədin kağız nüsxəsini notariusa təqdim edir. Notarius dövlət informasiya sistemlərindən sənədi yoxlayır, onun elektron reyestrdəki məlumatlarla uyğunluğunu təsdiqləyir və sənədi rəsmiləşdirir.

Bundan sonra Ədliyyə Nazirliyi və ya səlahiyyətli regional qurum notarius tərəfindən təsdiqlənmiş sənədə apostil verir.

İ.Orucov keçid dövründə xaricdə təhsil almaq istəyən məzunlar üçün fiziki imzalı və möhürlü sənədlərin verilməsi imkanının müvəqqəti saxlanılmasını təklif edib. Onun fikrincə, paralel olaraq elektron apostil sisteminin yaradılması və “mygov” platformasında birbaşa rəqəmsal apostilin formalaşdırılması prosesi sürətləndirilməlidir.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, 11 avqust 2026-cı ildən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış attestatlar və digər təhsil haqqında dövlət sənədləri vətəndaşlar üçün elektron formada əlçatan olub.

Qurumun məlumatına görə, elektron imza ilə təsdiqləndiyinə görə attestatlar rəsmi və hüquqi qüvvəyə malik sənədlərdir. Vətəndaşlar sənədlərini “mygov” platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə, yükləyə və paylaşa bilərlər.

Həmçinin sənədlərin həqiqiliyini üzərindəki QR-kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənəd nömrəsi və doğum tarixini daxil etməklə yoxlamaq mümkündür.

Beləliklə, elektron diplom və attestatların Azərbaycanda hüquqi statusu müəyyən edilsə də, onların beynəlxalq səviyyədə tanınması və apostillə təsdiqlənməsi məsələsi rəqəmsallaşma prosesinin qarşısında duran əsas məsələlərdən biri olaraq qalır.

A

Oxşar Xəbərlər