Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçiminin müddəti uzadılıb.
XeberHub.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, magistraturaya qəbulda iştirak edən bakalavrlar üçün ixtisaslaşma seçimi bu gün saat 13:00-dək davam edəcək.
Məlumata əsasən, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimi hüququ qazanan namizədlər həmin vaxta qədər internet üzərindən elektron ərizələrini təsdiqləməlidirlər.
DİM-in açıqladığı statistikaya görə, 27 iyul saat 09:15 tarixinə qədər 15 633 bakalavr ixtisaslaşma seçimini təsdiqləyib. Onlardan 14 251-i Azərbaycan, 1 382-si isə rus bölməsi üzrə müraciət edib.
Qaydalara əsasən, bakalavrlar bitirdikləri ixtisasa uyğun olmaq şərti ilə 20-dək ixtisaslaşma seçərək onları istədikləri ardıcıllıqla elektron ərizələrinə daxil edə bilərlər. Seçilən ixtisaslaşmalar qəbul qaydalarına və bəzi hallarda xarici dil tələblərinə uyğun olmalıdır.
DİM bildirib ki, müsabiqədə yalnız elektron ixtisaslaşma seçimi ərizəsini təsdiqləyən bakalavrlar iştirak edə biləcəklər.