Xeberhub.com xəbər verir ki, "Axios" portalının yaydığı məlumata görə, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatların bərpasından sonra ilk dəfə "B-1 Lancer" strateji bombardmançı təyyarəsindən istifadə edib.
Portalın Amerika administrasiyasındakı mənbələrə istinadən verdiyi məlumata əsasən, Vaşinqton zərbələrin yenidən başlanmasından bəri ilk dəfə bu tip bombardmançı ilə döyüş uçuşu həyata keçirib. Bildirilir ki, bu addım ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının miqyasının genişləndirildiyini və bölgədə gərginliyin artdığını göstərir.
Məlumatda qeyd olunur ki, hücum zamanı ABŞ Böyük Britaniyada yerləşən hərbi bazalardan istifadə edib.
Bundan əvvəl "Bloomberg" agentliyi mənbələrə istinadən yazmışdı ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem sələfi Kir Starmerin ABŞ-yə Britaniya hərbi bazalarından İrana qarşı əməliyyatlar üçün istifadə icazəsini qüvvədə saxlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla müxtəlif cəbhələrdə döyüşlərin dayandırılmasını nəzərdə tutan memorandum imzalasalar da, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanı pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri yenidən bərpa etdiyini açıqlayıb.