Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 22 İyul – Milli Mətbuat Günü münasibətilə Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən aqrar təsərrüfatlara media tur təşkil edib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində jurnalistlər meyvə və fındıq bağları, heyvandarlıq təsərrüfatları, aqroturizm obyektləri, eləcə də müasir soyuducu anbar kompleksləri ilə tanış olublar.
Media nümayəndələrinə AKİA-nın fermerlərə təqdim etdiyi əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları, texnika və avadanlıqların alınmasına verilən güzəştlər, damlama suvarma sistemləri, soyuducu anbarların qurulması və damazlıq heyvanların alınmasına göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verilib. Həmçinin bu dəstək mexanizmlərindən yararlanan nümunəvi təsərrüfatlarda əldə olunan nəticələr və gələcək layihələr təqdim olunub.
Qusarda fəaliyyət göstərən meyvə istehsalı müəssisəsinin baş aqronomu Arif Qədimli bildirib ki, 356 hektarlıq ərazidə alma, armud, şaftalı, nektarin və gilas bağları salınıb. Onun sözlərinə görə, hazırda məhsul yığımı davam edir və şaftalı-nektarin üzrə hektardan 26-27 ton, armud üzrə isə 30-35 ton məhsul əldə olunması planlaşdırılır.
A.Qədimli qeyd edib ki, yığılan məhsullar 5 min ton tutumlu soyuducu anbarlarda saxlanılır və sonradan daxili, eləcə də xarici bazarlara çıxarılır. O əlavə edib ki, dövlət tərəfindən yeni alma bağlarına 11 min, armud bağlarına isə 8 min manat birdəfəlik subsidiya ayrılması, həmçinin damlama suvarma sistemlərinin dəyərinin 40 faizinin qarşılanması yeni bağların salınmasına stimul verir. Şirkət 2026–2027-ci illərdə əlavə 100 hektar şaftalı və nektarin bağı salmağı planlaşdırır.
Soyuducu anbar kompleksinin rəhbəri Nazir Qardaşov bildirib ki, 26 kameradan ibarət olan kompleksin ümumi tutumu 5 min tondur. Onun sözlərinə görə, məhsullar burada uzun müddət keyfiyyətini qoruyaraq saxlanılır. O, həm anbarın tikintisində, həm də çeşidləmə və digər avadanlıqların alınmasında dövlətin 40 faizlik dəstəyindən istifadə olunduğunu vurğulayıb.
Şimal bölgəsində fındıq istehsalı ilə məşğul olan təsərrüfatın baş aqronomu Şəmistan Novruzlu isə bildirib ki, 600 hektar ərazidə Xaçmaz və İtaliya sortları yetişdirilir. Müasir damlama suvarma sistemlərinin tətbiqi hesabına məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması əsas hədəflərdəndir.
Yalama Aqroparkın istehsal rəhbəri Eldar Kərəmov müəssisənin əkinçilik, yem istehsalı və heyvandarlıq istiqamətlərində fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, təsərrüfatda 2 500 baş simmental cinsli iribuynuzlu heyvan saxlanılır, illik süd istehsalı isə 10 min tona çatır. Dövlət tərəfindən heyvanların alınmasına 60 faiz, ferma avadanlıqlarına isə 40 faiz güzəşt tətbiq olunduğu qeyd edilib.
Aqroturizm obyektinin direktoru Vüsal Şərifli də dövlət dəstəyinin kənd təsərrüfatı ilə turizmin inteqrasiyasına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, təsərrüfatda meyvəçilik, heyvandarlıq, atçılıq və balıqçılıq fəaliyyətləri ilə yanaşı, aqroturizm xidmətləri də göstərilir və burada yetişdirilən məhsullar həm yerli, həm də xarici bazarlara ixrac olunur.
AKİA fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının artırılması və aqrar sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.