Xeberhub.com xəbər verir ki, Almaniyada terror təhlükəsi ilə bağlı risk qiymətləndirilməsi ən yüksək səviyyəyə qaldırılır. Bu barədə ölkənin daxili işlər naziri Aleksandr Dobrindt "Die Welt" nəşrinə müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, son dövrlərdə təhlükəsizlik və kəşfiyyat orqanlarına daxil olan məlumatların sayının artması mövcud risklərin yenidən qiymətləndirilməsini zəruri edib.
"Daxil olan məlumatların və kəşfiyyat informasiyasının həcminin artması məni əvvəllər müəyyən edilmiş mücərrəd təhlükə səviyyəsini daha yüksək mərhələyə qaldırmağa vadar etdi. Bu isə o deməkdir ki, Almaniya istənilən vaxt terror hücumları ehtimalına hazır olmalıdır", – deyə Aleksandr Dobrindt bildirib.
Nazir qeyd edib ki, dövlət qurumları, ayrı-ayrı şəxslər və kritik infrastruktur obyektlərinə qarşı hazırlanması ehtimal olunan konkret hücum ssenariləri mövcuddur. O əlavə edib ki, Almaniyanın təhlükəsizlik xidmətləri yaxın vaxtlarda planlaşdırılan terror aktlarından birinin qarşısını almağa müvəffəq olublar.
Bundan başqa, Almaniya hökumətinin bu ilin yay aylarında kəşfiyyat xidmətlərinin səlahiyyətlərini genişləndirəcək hüquqi dəyişikliklər həyata keçirməyi planlaşdırdığı bildirilir. Dəyişikliklər qüvvəyə minərsə, xüsusi xidmət orqanları yalnız məlumat toplamaq və təhlil etməklə kifayətlənməyəcək, ciddi təhlükə müəyyən edildiyi hallarda birbaşa əməliyyat tədbirləri görmək səlahiyyətinə də malik olacaqlar.
Şərhlər (0)
Şərh yazın